d
Follow us
HÖRMƏTLİ HƏMKARLAR!

Azərbaycan Revmatoloqlar İctimai Birliyi və Qastroenterologiya & Hepatologiya Akademiyası olaraq autoimmun xəstəliklərin diaqnostikası sahəsində innovativ yanaşmaların, elmi yeniliklərin və müasir laborator metodların müzakirəsi üçün yeni bir elmi platforma yaratmağın vacibliyini nəzərə alaraq böyük məmnuniyyət və məsuliyyətlə bildiririk ki, 20 dekabr 2025-ci il tarixində Radisson Hotel Baku-da “1-ci Beynəlxalq Autoimmun Xəstəliklərin Laborator Diaqnostikası Simpoziumu” keçiriləcəkdir.

Bu simpoziumun əsas məqsədi autoimmun xəstəliklərin laborator diaqnostikasında ANA profili, dsDNA, AMA, ASMA, LKM, ANCA, EMA, ENA paneli və digər spesifik autoanticisim testlərinin düzgün qiymətləndirilməsi və klinik tətbiqi üzrə müasir yanaşmaları multidissiplinar müzakirəyə çıxarmaqdır.

Simpozium çərçivəsində revmatologiya, qastroenterologiya, hepatologiya və laborator tibb sahələrinin aparıcı mütəxəssisləri tərəfindən aktual mövzular təqdim olunacaq, klinik hallar əsasında interaktiv müzakirələr aparılacaq və diaqnostik proseslərdə tətbiq edilən yeni texnologiyalar, eləcə də laborator praktikadakı yeniliklər iştirakçılarla paylaşılacaqdır.

Elmi proqramın hazırlanması zamanı sahənin müasir tələbləri, autoimmun xəstəliklərin diaqnostikasında rast gəlinən çətinliklər və texnoloji imkanların genişlənməsi xüsusi nəzərə alınmışdır.

Simpozium uzun illik təcrübəyə malik, daim innovasiyalara açıq olan İnci Laboratoriyaları və Autoimmun diaqnostikada dünyada tanınmış İspan şirkəti Biosystems Diagnostics-in təşkilati dəstəyi ilə həyata keçirilir. Bu əməkdaşlıq laborator diaqnostika sahəsində innovativ texnologiyaların, yeni nəsil test sistemlərinin və praktiki tətbiqlərin təqdim olunması üçün geniş imkanlar yaradacaqdır.

Tədbir çərçivəsində həmçinin autoimmun göstəricilərin klinik praktikada rolu, yeni biomarkerlərin istifadəsi və multidissiplinar yanaşmanın əhəmiyyəti kimi mövzular da xüsusi müzakirə predmetinə çevriləcəkdir.

Hörmətli həmkarlar, sizi autoimmun xəstəliklərin laborator diaqnostikası üzrə ən son elmi və praktiki yenilikləri müzakirə etməyə, bilik və təcrübə mübadiləsi aparmağa, yeni elmi əməkdaşlıqlar qurmağa dəvət edirik. Əminik ki, bu simpozium ölkəmizdə laborator diaqnostika və klinik tətbiq sahəsində mühüm inkişaflara təkan verəcək və mütəxəssislər arasında elmi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Hörmətlə,

Simpoziumun həmsədrləri

T.ü.F.D. Dr. Şəhla Hadıyeva,

T.ü.F.D. Dr. Yavər Hacısoy

Uzm. Dr. Zəka Abbasov